Universitetlərdə qəbul komissiyasının işi

Hər bir yuxarı sinif şagirdini “Qəbul komissiyasının ofisində nə baş verir?” sualı maraqlandırır.
Aylarla çalışırsan, bütün həyatını 12-15 səhifəlik müraciət formasına köçürürsən, sonra isə onu göndərib…gözləyirsən.
Bəs o biri tərəfdə nə baş verir? Müraciətlər necə oxunur? Qərarlar necə qəbul olunur? Müsahibədə hansı suallar verilir? Niyə bir tələbə universitetə daxil olur, digəri isə yox?
Bu suallara cavab tapmaq üçün biz Top 7 ABŞ universitetləri olan Yale, Brown, Stanford, University of Chicago, MIT, and Princeton & University of Pennsylvania universitetlərinin qəbul komissiyalarının əməkdaşlarına müraciət etdik.
Əgər Siz universitetə təqdim edəcəyiniz müraciət forması üzərində işləyirsinizsə və ya ümumiyyətlə qəbul prosesi barədə düşünməyə başlamısınızsa, qəbul komissiyalarının qapıları arxasında nələrin baş verdiyini bilmək Sizə effektiv müraciət ərizə forması tərtib etməyə kömək edəcək.
Burada 7 universitetin qəbul komissiyası tərəfindən “daxildən baxış” verilib:
1. Sizin və ya Sizin valideynlərinizin məktəblə əlaqəsi izlənilir.
“Tələbə, valideyn və ya tələbənin nümayəndəsi qəbul komissiyasının ofisi ilə əlaqə yaratdıqda, bilmək vacibdir ki, hətta telefon zənginə cavab verən işçi ilə nəzakətsiz davranış müraciət ərizənizə mənfi təsir göstərəcək. Qəbul komissiyasının siravi işçiləri Sizin universitetə daxil olmağınıza əhəmiyyətli təsir göstərə bilər. Həmkarım dəstəyi ataraq namizədin “onunla kobud danışdığından” şikayət edirsə, mən dəhral namizəd barəsində məlumatları soruşuram. Məlumatlar eyniləşdirilən kimi, danışığın səs yazısı tələbənin faylına yerləşdirilir” – Yale Universitetinin qəbul komissiyasının keçmiş direktoru etiraf edir.
Universitetə qəbul – gərgin bir prosesdir. Lakin bu demək deyil ki, Siz kobud və ya bezdirici ola bilərsiniz. Bir çox qəbul komissiyaları Sizin danışıqlarınızı izləyir. Buna görə “Mehriban olun” məsləhətinə əməl etmək Sizin marağınızdadır.
2. Müraciət ərizənizin təsir bağışlaması üçün yalnız bir neçə dəqiqəsi var.
Brown universitetinin qəbul komissiyasının iş təlimatına əsasən, işçilər bir saat ərzində 5 müraciət ərizəsini oxumalıdır. Yəni, hər bir ərizəyə 12 dəqiqə vaxt ayrılır. İndi fikirləşin ki, 12 dəqiqədə qəbul komissiyasının diqqətini öz ərizənizə yönəltmək üçün nə yazmaq lazımdır. Şəxsi ərizənizi əlavə informasiya bölməsində “uzatmağa”, “tədbirlər” bölməsində rezumeniz varsa, onu təkrarlamağa ehtiyac yoxdur. Əlavə 4 tövsiyə məktubu göndərmək lazım deyil. Qəbul komissiyasının bunları oxumağa sadəcə vaxtı yoxdur.
3. Sizin müraciət ərizəniz yaxşı ola bilər, lakin o ərizələrin ən yaxşısı olmalıdır.
Stanford’da, universitetə daxil olan müraciət ərizələri oxunarkən SP (Standard positive) – standart pozitiv adlanan xüsusi termin istifadə edilir. Bu bildirir ki, tələbə yaxşı təsir bağışlayır və ərizəsi bütövlükdə pozitivdir, LAKİN, təəssüf ki, standartdır. Qəbul komissiyasının oxuduğu ərizələrin həcmini düşündükdə, Siz kütlədən seçilməlisiniz. Siz “standart” olmamalısınız, Siz fərqlənməlisiniz, yadda qalmalısınız. Elə edin ki, Sizin ərizənizə Stanford’un digər xüsusi termini – “angular”, yəni “qabarıq” tətbiq edilsin.
4. Siz nəzərə çarpan namizəd olsanız belə, qəbul olmaya bilərsiniz.
Universitetlər kursu “silkələyir” ki, yeni tələbə qəbulu hərtərəfli olsun. Əgər Çikaqo universiteti, məsələn, bütün mühəndisləri bir ildə toplasaydı, onda bu Çikaqo universiteti deyil, peşə məktəbi olardı. Qəbul hərtərəfli və müntəzəm olmalıdır.
5. Şəxsiyyətiniz əhəmiyyət kəsb edir.
Müraciət ərizəniz vasitəsilə qəbul komissiyası Sizin xarakterinizin xüsusiyyətləri – təkəbbürlü, eqoist, əliaçıq, yumor hissi ilə, rəhmli və s. – haqqında “qeydlər” edir. Yalnız yaxşı məktəbdən ağıllı biri olmaq kifayət deyil. Göstərmək lazımdır ki, Siz yaxşı yoldaş olmağa hazırsınız. Qəbul komissiyası üçün Sizin qiymətləriniz, testləriniz və məşğuliyyətlərinizdən daha çox Özünüz əhəmiyyətlisiniz. Universitet təkcə ağıllı tələbə deyil, həm də komandada işləməyə, otaq qonşusu, kurs yoldaşları ilə münasibət qurmağa hazır bir şəxsiyyət qazanmaq istəyir. Bir neçə cümlədə xarakterinizin xüsusiyyətlərini necə göstərə biləcəyinizi düşünün.
6. Müsahibəyə dəvət almısınızsa, bu artıq böyük üstünlükdür.
Müsahibə ərizənizə “rəng və şəxsiyyət qatmaq” şansı verir. Bu, universitetə qəbul edilənlər qrupuna “yaxınlaşmaq” imkanıdır.
7. Qəbul komissiyasının nümayəndəsinə suallar verməyi unutmayın.
Tələbə sual vermirsə, bu onu yaxşı tərəfdən xarakterizə etmir. Düşünülmüş suallar verərək, Sizin universitetə olan marağınızı göstərmək və öz yararlığınızı sübut etmək lazımdır. İnanın ki, qəbul komissiyasının işçiləri Sizin sənədlərinizdə öz qeydlərini edəcəklər.
Joel Butterly, Contributor materiallarına əsasən tərtib edilmişdir.

Leave your Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir